...

İntizam pozuntularına görə 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb

Cəmiyyət Materials 2 İyul 2025 15:59 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclasında vəkilliyə qəbulla bağlı məsələyə baxılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.

Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, beynəlxalq təcrübədə vəkillik qurumlarının nəzdində müxtəlif tədris mərkəzləri, institutlar və akademiyalar fəaliyyət göstərir. Bu strukturların adından asılı olmayaraq əsas məqsəd vəkillərin peşə bacarıqlarının inkişaf etdirilməsi və davamlı tədrisin təmin olunmasıdır. Müzakirələrdən sonra Rəyasət Heyəti Akademiyanın adının Vəkillər Kollegiyasının Tədris Mərkəzi olaraq dəyişdirilməsinə dair qərar qəbul edib.

Bundan başqa, VK sədrinin müavinləri tərəfindən regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərlə bağlı keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib. Bildirilib ki, aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bu nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb, eyni zamanda monitorinq mexanizmlərinin gələcəkdə daha da gücləndirilməsi qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 4 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti