Bakı. Trend:
Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq.
Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 01 iyul 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Mərkəzi Rəqəmsal Repozitoriya" layihəsinin ilkin görüşü keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində pilot olaraq seçilmiş 11 iştirakçı müəssisədə elmi və akademik məlumatların toplanacağı, qorunacağı və açıq şəkildə istifadəsinin təmin olunacağı müasir rəqəmsal məlumat bazaları yaradılacaq və inkişaf etdiriləcəkdir.
Yaradılacaq repozitoriyalarda nəşr olunan elmi jurnallar, dərc
olunan elmi işlər, konfrans materialları, kitablar, müxtəlif
layihələr haqqında məlumatlar, eləcə də müəlliflərə dair məlumatlar
toplanacaq.
Sözügedən resurslar məzmun təkrarçılığının və intellektual
hüquqların pozulmasının qarşısını almağa, gənc tədqiqatçılar üçün
ilk platforma rolunu oynamağa və yerli müəlliflərin elmi
nəticələrinin görünürlüyünü artırmağa xidmət edəcək.
Layihənin sonunda bu məlumat bazaları Elm və Təhsil Nazirliyinin nəzdində qurulacaq mərkəzi platformaya inteqrasiya ediləcək və qlobal axtarış sistemlərində əlçatan olacaqdır.