Şuşa. Trend:
Qazaxıstan və Azərbaycanın rəqəmsallaşdırma sahəsində əməkdaşlıq üçün yaxşı perspektivləri var.
Trend-in Şuşa şəhərinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın Xarici Ticarət Palatası aparatının rəhbəri Asan Jakişev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) "İnvestisiyalar və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi" mövzusunda keçirilən 6-cı Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Qazaxıstan rəqəmsallaşdırma sahəsində üstünlüklərə malikdir və biz Mərkəzi Asiya ölkələrini və Azərbaycanı bu istiqaməti aktiv şəkildə inkişaf etdirməyə çağırırıq. Rəqəmsal həllər idarəetməni asanlaşdırır, vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırır və əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə də bu istiqamətdə mən Qazaxıstan və Azərbaycan arasında perspektivlərin olduğunu görürəm”, -deyə o bildirib.
Jakişevin sözlərinə görə, Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu əminlikdə qeyd etmək olar.
“Biz ənənəvi olaraq qida sənayesi, aqrar-sənaye kompleksi və energetika kimi mühüm sahələrdə əməkdaşlıq edirik. Eyni zamanda, yeni istiqamətlərin xüsusilə IT sahəsinin inkişafı üçün stimullar meydana gəlir” – deyə o bildirib.
Jakişev həmçinin vurğulayıb ki, bu gün keçirilən İƏT Forumu bütün aktual məsələlərin müzakirəsi üçün effektiv platforma rolunu oynayır.