Bakı. Trend:
“Paramount” şirkəti ABŞ prezident Donald Trampın "60 dəqiqə" verilişi ilə bağlı böhtan ittihamı ilə başlatdığı məhkəmə mübahisəsini həll etmək üçün Ağ Ev rəhbərinə 16 milyon dollar ödəməyə razılaşıb.
Trend bu barədə xarici KİV-lərə istinadən məlumat verir.
Trampın "CBS News"a qarşı ilkin iddiasına əsasən, 2023-cü ilin noyabrında vitse-prezident Kamala Harris ilə müsahibə qəsdən təhrif edilərək montaj olunub və bu, seçkilərə təsir göstərmək məqsədi daşıyıb. Harrisin İsrail baş naziri Netanyahu ilə bağlı suala cavabı verilişin ön baxışında fərqli təqdim olunmuşdu. Trampın vəkilləri bu montajı "Amerika xalqını aldatmaq və çaşdırmaq cəhdi" adlandırıblar. Tramp iddiada təzminat olaraq 20 milyon dolların ödənilməsini tələb edirdi.
Bu qalmaqal “60 dəqiqə” proqramının baş prodüseri Bill Ovensin və “CBS News” rəhbəri Uendi MakMahonun istefası ilə nəticələndi.
Qeyd edək ki, CBS News telekanalı “Paramount” şirkətinin mülkiyyəti hesab olunur.
Razılaşma “Paramount”un “Skydance Media” ilə mümkün birləşməsi ərəfəsinə təsadüf edir.