...

İran hökuməti müharibədən zərərçəkənlərin müvəqqəti yerləşdirilməsinə vəsait ayırıb

Dünya xəbərləri Materials 2 İyul 2025 15:12 (UTC +04:00)
İran hökuməti müharibədən zərərçəkənlərin müvəqqəti yerləşdirilməsinə vəsait ayırıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumlarında zərərçəkən ailələrin müvəqqəti yerləşdirilməsi üçün İran hökuməti 10 trilyon rial (təxminən 16,6 milyon dollar) vəsait ayırıb.

Trend-in məlumatına görə, bununla əlaqədar İran Nazirlər Kabinetinin bu gün Tehranda keçirilən iclasında qərar verilib.

İran prezidenti Məsud Pezeşkianın da iştirak etdiyi iclasda hökumətə zərərçəkən ailələrin müvəqqəti yerləşdirilməsi, mənzillərin təmir olunması ilə əlaqədar yol və şəhərsalma naziri və digər aidiyyəti qurumların rəhbərləri məlumatlar təqdim edib.

Sözügedən vəsait “İranın İslam İnqilabı Mənzil Fondu”na ödəniləcək və aidiyyəti üzrə xərclənəcək.

Qeyd edək ki, İran İsrailin 12 günlük hərbi hava hücumlarında İranda 3,5 min yaşayış binasına ziyan dəydiyini açıqlayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb. Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti