Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) nümayəndə heyəti nəzarət və tənzimləmə məsələləri üzrə təcrübə mübadiləsi məqsədilə Gürcüstan Milli Bankında işgüzar səfərdə olub.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, səfər çərçivəsində keçirilən görüşlərdə hər iki ölkənin maliyyə sektorunda müasir yanaşmaların tətbiqi və səmərəliliyinin artırılması istiqamətində ətraflı müzakirələr aparılıb.
Görüşlərdə nəzarət prosesinin təşkili və strukturu, risk əsaslı nəzarət çərçivəsi, cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə nəzarəti, nəzarət texnologiyaları və model risk menecmenti kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.