Bakı.Trend:
Somalidə Afrika İttifaqının sülhməramlı qüvvələrinə aid hərbi helikopterin yerə çırpılması nəticəsində azı 3 nəfər həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Moqadişo hava limanının nümayəndəsi Artan Mohammed helikopterin göyərtəsində səkkiz nəfərin olduğunu deyib.
“Hələlik yalnız üç nəfərin ölümü məlumdur, helikopter hələ də yanır və zərərçəkənlərin yekun sayı yalnız yanğın tam söndürüləndən sonra məlum olacaq”, - deyə o bildirib.
Öz növbəsində "Somali Guardian" xəbər portalı məlumat verir ki, Mi-24 helikopteri ABŞ-nin nəzarətində olan Balidoqle hərbi bazasından havaya qalxandan sonra qəzaya uğrayıb.
Həmin bazadan dronların idarə olunması həyata keçirilir. Helikopter Moqadişo beynəlxalq hava limanına enməyə cəhd edərkən alovlanaraq uçuş-enmə zolağına çırpılıb.