...

Rusiya tərəfini qanuna və insani münasibətlərə hörmətlə yanaşmağa çağırırıq - ŞƏRH

Siyasət Materials 1 İyul 2025 17:40 (UTC +04:00)
Rusiya tərəfini qanuna və insani münasibətlərə hörmətlə yanaşmağa çağırırıq - ŞƏRH
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 27-si Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi, günahsız insanların qətlə yetirilməsi hüquq-mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının və hüququn aliliyinin təmin olunması ilə bağlı ciddi suallar doğurur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.

O bildirib ki, heç bir sanksiya təqdim etmədən insanların mənzilinə basqın edilməsi, sakinlərə güc tətbiqi, işgəncə verilməsi, öldürülməsi həm Rusiya qanunları, həm də beynəlxalq normaların kobud pozulmasıdır:

"Bu, təkcə qonşu Rusiyada bir azərbaycanlı ailəyə münasibət deyil, həm də strateji tərəfdaşı sayılan Azərbaycana qarşı hörmətsizlik, ölkə prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ruhuna ziddir.

Həmyerlilərimizə, etnik azərbaycanlılara qarşı yönəlmiş zorakılıq, işgəncə və qeyri-insani rəftar Rusiya Federasiyasının Konstitusiyasına, həm də beynəlxalq insan hüquqları sənədlərinin təmamilə əleyhinədir.

Bu kimi hallar yalnız Rusiyadakı Azərbaycan icmasına deyil, bütövlükdə cəmiyyətə, etnik münasibətlərə və dövlətin qanuni legitimliyinə xələl gətirir.

Qeyd etmək lazımdır ki, hüquqi dövlət anlayışında vətəndaşların etnik mənsubiyyətindən asılı olmayaraq, onların hüquqları qorunmalı, istintaq və cinayət-prosesual prosedurlar şəffaf və insan ləyaqətinə uyğun həyata keçirilməlidir".

Ayaz Mirzəyev qeyd edib ki, hadisənin təfərrüatlarının obyektiv araşdırılması və günahkar şəxslərin məsuliyyətə cəlb olunması, təkcə ədalət deyil, eyni zamanda Rusiya dövlətinin hüquqa sadiqliyinin göstəricisi olacaq.

"Bu mərhələdə həm beynəlxalq insan hüquqları təşkilatlarının, həm də vətəndaş cəmiyyətinin rolu mühümdür. Biz istənilən zorakılıq formasını və etnik ayrı-seçkiliyi pisləyirik, Rusiya tərəfini qanuna və insani münasibətlər, biz azərbaycanlıların həssas hesab elədiyimiz dəyərlərə hörmətlə yanaşmağa çağırırıq. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçisi olaraq qarşı tərəfdən aydın araşdırma və günahkarların cəzalandırılmasını gözləyirik",- deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti