Bakı. Trend:
Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin Ərzaq Nəzarəti üzrə Baş İdarəsi ölkədə heyvanlar arasında dabaq xəstəliyi hallarının artması səbəbilə bütün diri heyvan satışı məntəqələrinin müvəqqəti olaraq bağlanmasına dair sərəncam verib.
Trend xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Müvafiq sərəncam respublikanın bütün vilayətlərinə göndərilib.
Bildirilir ki, dabaq xəstəliyinə yoluxma hallarının artması Qurban bayramına təsadüf edib. Bayram dövründə ölkə daxilində heyvanların geniş miqyasda daşınması çoxsaylı yoluxmalara səbəb olub.
Virus infeksiyasının daha da yayılmasının qarşısını almaq məqsədilə hökumət fermerlərə heyvanların daşınmasını dayandırmağı və xəstə heyvanları təcrid etməyi tapşırıb.
Sərəncama əsasən, heyvandarlıq bazarları, mal-qara birjaları, heyvanların toplanması və satışı mərkəzləri müvəqqəti olaraq bağlanmalı, heyvanların yarmarkalara gətirilməsi qadağan olunmalıdır.