Ağdam. Trend:
Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatının gənclərlə bağlı təşəbbüslərinə dəstək göstərməkdə qərarlıdır.
Trend xəbər verir ki, bunu Pakistanın baş nazirinin gənclər proqramının sədri Rana Məshud Əhməd Xan İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda Gənclər Forumunda videomüraciətində bildirib.
“Bu qədər əhəmiyyətli bir forum təşkil etdiyinə görə Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm. Bütün nümayəndələri bu fürsətdən fəal iştirak, tərəfdaşlıqların möhkəmləndirilməsi və ortaq gələcəyimizə şüurlu yanaşma baxımından istifadə etməyə çağırıram. Gənclərin ehtirası və liderliyindən ilhamlanaraq, birlikdə daha yaşıl, təhlükəsiz və davamlı bir eko-region quracağıq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Pakistan İƏT-in 2026–2035-ci illər üçün nəzərdə tutulan Gələcəyə Baxış çərçivəsində davamlı inkişaf, iqlim dayanıqlılığı və regional həmrəyliyə yönəlmiş gənclər təşəbbüsləri və təkliflərini dəstəkləməkdə qərarlıdır.
Rana Məshud Əhməd Xan həmçinin qeyd edib ki, ölkənin milli strategiyası rəqəmsal transformasiya, sahibkarlıq və gənclərin ekoloji innovasiyalara fəal cəlb edilməsinə prioritet verir.