Ağdam. Trend:
Gənclərin ümumi məqsədlərin reallaşdırılmasına praktik şəkildə cəlb olunması üçün konkret addımların atılması vacibdir.
Trend xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda Gənclər Forumunda çıxışında deyib.
“Biz gənclərin sadəcə passiv iştirakçılar deyil, ortaq məqsəd və arzularımızın formalaşdırılması və həyata keçirilməsində fəal liderlər olmaları üçün düşünülmüş addımlar atmalıyıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, daha inteqrasiya olunmuş və bir-biri ilə əlaqəli bir regionun qurulmasına çalışarkən aydın olur ki, uğur təkcə hökumətlərarası əməkdaşlıqdan deyil, bütün əsas maraqlı tərəflərin – o cümlədən gənclərin, qadınların və özəl sektorun fəal iştirakından asılı olacaq.
“Bu qruplar hər hansı ölkə və ya regionun transformasiyasında mərkəzi rol oynayır. Gənclərin dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında iştirakının genişləndirilməsinə həsr olunmuş Forum göstərir ki, yeni nəslin iştirakı regionumuzun gələcəyinin formalaşdırılması üçün həyati əhəmiyyət daşıyır. Məhz gənclərin cəlb olunması və dəstəklənməsi vasitəsilə biz mövcud çağırışların həllinə yeni baxış, yaradıcılıq və innovasiyalar gətirə bilərik”, – deyə Əsəd Məcid Xan vurğulayıb.