Bakı. Trend:
İsrailin İrana 12 günlük hərbi hava hücumlarında 3,5 min yaşayış binasına ziyan dəyib.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (1 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində ziyan dəyən yaşayış binalarından 232-si Tehrandadır.
Mohacerani qeyd edib ki, bəzi yaşayış binaları tamamilə dağılıb, bəzilərinin əsaslı təmirə ehtiyacı var, digərlərinə isə azacıq ziyan dəyib.
Hökumət rəsmisi əlavə edib ki, İran hökuməti binalara ziyanların dəydiyinə görə, vətəndaşların başqa məkanlarda yerləşdirilməsini diqqət mərkəzində saxlamaqdadır. Belə ki, zərərçəkənlər bütün qurumların yerləşdirmə mərkəzləri, dövlət nəzarətində olan hotellər, idman mərkəzlərində yerləşdiriliblər.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.