Ağdam. Trend:
Ölkələrin gənclər arasında iqtisadi və ekoloji tərəfdaşlığın inkişafına töhfə verməsi çox vacibdir. Birlikdə çalışsaq, ümumi həll yollarını axtarsaq, öz potensialımızdan istifafə etsək, bu problemlər maneəyə yox, bizim üçün fürsətə çevriləcək.
Trend-in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin şöbə müdiri Almagul Kutanova ilk dəfə keçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutan Gənclər Forumunun “Ölkə müdaxilələri – “Milli Gənclər Strategiyalarının Dayanıqlı İnkişafa Töhfəsinin Qiymətləndirilməsi” üzrə Milli Baxışlar” panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Qazaxıstanın gənclər siyasəti bir sıra qanunvericilik aktları ilə tənzimlənir:
“Qazaxıstanda dövlət idarəçilik sektorunda istedadlı gəncləri üzə çıxarmaq və onlara dəstək olmaq məqsədilə 2019-cu ildə dövlət proqramı işə salınıb. Gənclərin ekoloji fəaliyyətə cəlb edilməsi üçün “Yaşıl el” proqramı təsis edilib. Narkomaniya ilə mübarizə tədbirləri də gücləndirilir.
Respublika Gənclər Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsinə dair yol xəritəsi tərtib olunur. Gənclərə həyatın müxtəlif mərhələsində dəstək olmaq üçün resurs mərkəzi fəaliyyətə başlayıb".
Qazaxıstan nümayəndəsi əlavə edib ki, ölkəsində gənclər siyasəti sahəsində 400-dək QHT işləyir:
“Güzəştli mənzil proqramları da bizim təşəbbüslərimizdən biridir. Qazaxıstanda 2025-ci il məşğulluq ili elan edilib. Bu sahələrdə fəaliyyət gəstərən gənc və tələbələrə dəstək veriləcək.
Biz inanırıq ki, gənclərimiz perspektivli insanlardır, onların parlaq gələcəyi var”, - deyə o fikrini tamamlayıb.