Ağdam. Trend:
Bu regionun gəncləri dostluq bağlarını, münasibətlərini qurmağı çox yaxşı bacarır.
Trend-in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İƏT Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireççi ilk dəfə keçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutan Gənclər Forumunun “Yüksək səviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu” panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, təhsil həyatımızın hər bir aspektini əhatə edir:
“Bu gün burada, Ağdamda da təhsilimiz davam edir. Təhsil elə evdən, anadan başlayır.
Son iki il ərzində müasir təhsil çağırışları ilə üzləşmişik. Təhsil modelləri göstərir ki, bu, hər bir ölkənin xüsusiyyətləri əsasında formalaşır. Biz bu istiqamətdə işlərimizi sürətləndirməliyik”.
M.A.Kireççi əlavə edib ki, sosial şəbəkələr, süni intellekt əslində təhsil modellərinə bir çağırışdır.
“Bu alətlər gənclərin təhsilə cəlb edilməsində böyük fürsətdir. Çalışmalıyıq ki, ən bacarıqlı gəncləri önə çıxaraq. Gələcəyimiz təhsilsiz mümkün deyil. Gənclərimizin təhsil alması, onların dünyada baş verən hadisələrlə bağlı məlumatlı olmaları baxımından son dərəcə vacibdir, - deyə o qeyd edib.