Bakı. Trend:
Fransa Milli Meteorologiya Xidməti Paris və ölkənin 15 mərkəzi departamenti üçün maksimum, “qırmızı” təhlükə səviyyəsi elan edib.
Trend xəbər verir ki, ölkənin daha 68 bölgəsində isə “narıncı” xəbərdarlıq verilib.
Sinoptiklərin proqnozuna görə, risk zonasında havanın temperaturu 38-41 dərəcəyə çatacaq, ölkənin əksər ərazilərində isə 34 dərəcədən yuxarı olacaq. Bazar ertəsi gecəsi müşahidələr tarixində iyun ayının ən isti gecəsi olub, termometrlər 28 dərəcədən aşağı düşməyib.
Meteorologiya xidməti bildirib ki, “qırmızı” səviyyə əhalinin bütün qrupları üçün təhlükəli olan ekstremal və uzunmüddətli isti dalğasını ifadə edir. Hakimiyyət artıq ehtiyat tədbirləri görüb və ölkə üzrə 200 məktəbin müvəqqəti bağlanacağı açıqlanıb.
İspaniyada da yaxın iki gün ərzində gündüz temperaturu 40 dərəcədən yuxarı qalacaq, gecə isə ən azı 25 dərəcəyə çatacaq. Şənbə günü İspaniyanın El Qranado şəhərində iyun ayı üçün rekord yüksək temperatur — 46 dərəcə qeydə alınıb. Əvvəlki rekord 1965-ci ildə Sevilyada 45,2 dərəcə olub.
Portuqaliyanın 18 əyalətindən yeddisində, İtaliyanın isə 20-dən çox şəhərində istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib. Londonda isə bazar ertəsi havanın temperaturu 29,7 dərəcəyə yüksələrək 2001-ci ildə təyin edilmiş 29,3 dərəcə rekordunu keçib.