Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 iyun 2025-ci il tarixdə Şamaxı şəhərində, Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunu keçirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Şamaxı və Qobustan rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.