Bakı. Trend:
“Visa” şirkəti Azərbaycanda süni intellekt əsaslı ödənişli texnologiyaların inkişafına dəstək olmağa davam edir.
Bunu Trend-ə “Visa”nın baş vitse-prezidenti, Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə regional meneceri Kristina Doroş bildirib.
Kristina Doroş bildirib ki, şirkətin fəaliyyət göstərdiyi bütün ölkələrdə, o cümlədən Azərbaycandakı əsas hədəfi rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsidir.
“Visa artıq 28 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində biz banklarla, fintekslərlə, iri ticarət və xidmət müəssisələri, eləcə də Azərbaycan Mərkəzi Bankı ilə fəal əməkdaşlıq etmişik ki, ölkədə rəqəmsal ödənişləri inkişaf etdirək və bazarda innovativ texnologiyalar tətbiq edək.
Əsas məqsədimiz nağdsız iqtisadiyyatın inkişafına birgə töhfə verməkdir. Bu vacibdir, çünki araşdırmalar göstərir ki, nağdsız iqtisadiyyatın artması ölkənin ümumi daxili məhsulunun (ÜDM) artmasına gətirib çıxarır. Pul vəsaitləri nağd formadan nağdsız formaya keçdikcə vergi daxilolmaları artır. Bu isə öz növbəsində sosial ehtiyaclara ayrılan vəsaitlərin artırılmasına imkan verir və s.
Biz Azərbaycanda nağdsız iqtisadiyyatın inkişafına yeni texnologiyaların və innovativ həllərin tətbiqi ilə töhfə veririk. “Visa” 2019-cu ildə ölkədə tokenləşdirmə texnologiyasını tətbiq edən ilk şirkət olub. Bu texnologiya kartın məxfi məlumatlarını unikal 16 rəqəmli şifrə ilə – tokenlə əvəz edir və əməliyyat zamanı təhlükəsizliyi təmin edir. Azərbaycanda tokenləşdirmə texnologiyasını tətbiq etməklə Visa, Apple və Google şirkətlərinin rəqəmsal pul kisələrini istifadəyə verməsi üçün baza yaratdı. Bu gün insanlar Azərbaycanda tokenləşdirmə vasitəsilə əməliyyatlar həyata keçirə bilir, bu da dələduzluq hallarının azalmasına müsbət təsir göstərib”, – deyə Kristina Doroş bildirib.
Onun sözlərinə görə, hazırda “Visa” üçün tokenləşdirmə süni intellektin tətbiqi ilə formalaşan yeni nəsil ödəniş texnologiyalarının inkişafında növbəti mərhələ olacaq.
“Hazırda biz tokenləşdirmədən istifadə etməklə süni intellektə əsaslanan texnologiyalara ödəniş elementi əlavə etməyə çalışırıq. Bu, gələcəkdə Azərbaycan bazarına da gətirmək istədiyimiz innovasiyaların inkişafında növbəti mərhələ olacaq”, – deyə o əlavə edib.
Kristina Doroş vurğulayıb ki, son beş ildə ödəniş texnologiyalarının inkişaf tempi xeyli artıb və bu müddətdə bazarda baş verən dəyişikliklər son 50 ildəkindən daha çox olub.
“Bu, blokçeyn və süni intellekt kimi yeni texnologiyalar sayəsində mümkün olub. “Visa” blokçeyn texnologiyasını çox fəal şəkildə inkişaf etdirir və tətbiq edir ki, ödəniş təcrübəsini daha sürətli, rahat və şəffaf etsin. Məsələn, bizim “B2B Connect” həllimiz hüquqi şəxslərə – bankların müştərilərinə xaricə ödənişləri 24 saat ərzində həyata keçirməyə imkan verir. Müştəri pul vəsaitinin harada olduğunu və tərəfdaşın ödənişi nə vaxt alacağını tam aydın şəkildə görə bilir, bu isə biznes əməliyyatlarının daha dəqiq planlaşdırılmasına imkan verir. Azərbaycan 2021-ci ildə Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionuna daxil olan 86 ölkə arasında “Visa B2B Connect” həllini tətbiq edən ilk ölkə olub. Hazırda bu həllə 9 bank qoşulub – bu, ən yüksək göstəricilərdən biridir. Biz blokçeyn texnologiyasını rəqəmsal ödənişlərin inkişafı üçün istifadə etməyə davam edəcəyik”, – deyə regional menecer bildirib.
Kristina Doroş həmçinin vurğulayıb ki, hazırda Visa stabkoinlərdən – sərt aktivə, məsələn, ABŞ dollarına bağlı olan rəqəmsal valyutalardan istifadənin üstünlükləri barədə fəal şəkildə danışır.
“Hazırda biz stabkoinlərin beynəlxalq hesablaşmalarda istifadəsini genişləndirmək üzərində işləyirik, stabkoinlərlə bağlı kartlar, hesablaşmalar və proqramlaşdırıla bilən pul vəsaitləri tətbiq edirik”, – deyə o bildirib.
Regional menecer əlavə edib ki, kiçik və orta biznesin dəstəklənməsi “Visa” üçün əsas prioritetlərdən biridir.
“Biz artıq tərəfdaşlarımızla, banklarla birlikdə kiçik və orta sahibkarların rəqəmsal ödəniş imkanlarından istifadə edə bilmələri üçün çox işlər görmüşük. Hesab edirik ki, bu sahədə rəqəmsal ödəniş imkanları hələ də tam qiymətləndirilməyib.
Kiçik və mikro müəssisələr hələ də nağd ödənişlər və ya vəsaitlərin kifayət qədər gecikmə ilə çatdırıldığı bank köçürmələri ilə fəaliyyət göstərirlər. Buna görə biz indi bu ödənişləri sürətləndirən və rəqəmsallaşdıran həlləri tətbiq edirik. Məsələn, Qazaxıstanda artıq “Visa Direct” texnologiyasına əsaslanan “Request to Pay” adlı həlli tətbiq etmişik. Bu həll vasitəsilə siz yalnız alıcınızın telefon nömrəsini bilməklə bank tətbiqinizdən ona məhsulunuza görə ödəniş istəyi göndərə bilərsiniz. Alıcı öz tətbiqində bu istəyi qəbul və ya rədd edə bilər. Əgər qəbul edərsə, “Visa Direct” texnologiyası sayəsində ödəniş dərhal sizin fərdi sahibkar kimi açdığınız biznes kartınıza köçürüləcək. Belə həlləri inkişaf etdirmək və onları Azərbaycana da gətirmək planlarımızdadır”, – deyə Kristina Doroş bildirib.
O əlavə edib ki, Visa ən son texnoloji nailiyyətləri tətbiq edərək ödənişlərin təhlükəsizliyini artırmağa xüsusi önəm verir.
“Biz artıq 30 ildir ki, süni intellekt texnologiyalarından istifadə edirik. O zaman bu, risklərin idarə olunması və dələduzluğa qarşı mübarizə sistemlərinin qurulması üçün tətbiq etdiyimiz maşın öyrənməsi texnologiyaları idi. İndi isə generativ süni intellektin meydana gəlməsi ilə bizə real vaxt rejimində çox böyük verilənlər zəncirini təhlil edən, bu verilənlərdə potensial fırıldaq əlamətlərini aşkar edən və banklara kibertəhdidlərə qarşı effektiv mübarizədə, şübhəli əməliyyatların qarşısını almaqda yardım edən modellər qurmaq imkanları yaranıb”, – deyə o bildirib.
Sonda Kristina Doroş qeyd edib ki, “Visa” son 5 ildə fırıldaqçılığa qarşı mübarizə və risklərin idarə olunması alətlərinin inkişafına 12 milyard ABŞ dolları həcmində investisiya yatırıb və bu alətlər vasitəsilə ümumilikdə 40 milyard dollardan çox fırıldaq əməliyyatlarının qarşısı alınıb.