Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobilləri sərnişinlərinin rahat şəkildə minib-düşməsini təmin etmək üçün bugünədək Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) xüsusi yerlər təşkil edilib və müvafiq lövhələr yerləşdirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, minib-düşmə yerlərinin yaradılması davam etdirilir və yaxın vaxtlarda şəhərin xüsusilə mərkəzi hissələrində, həmçinin hərəkətin intensiv olduğu digər küçə və prospektlərdə sərnişinlərin rahat şəkildə minik avtomobillərinə minib-düşməsini təmin etmək üçün xüsusi yerlər yaradılacaq.
"Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir", - qurumdan vurğulanıb.