...

Yekaterinburqda baş verən hadisələr Rusiyada şovinizm, milli ayrı-seçkilik, islamafobiyanın bariz nümunəsidir – Elşad Həsənov

Siyasət Materials 30 İyun 2025 10:30 (UTC +04:00)
Yekaterinburqda baş verən hadisələr Rusiyada şovinizm, milli ayrı-seçkilik, islamafobiyanın bariz nümunəsidir – Elşad Həsənov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində xüsusi xidmət orqanları tərəfindən azərbaycanlıların qətlə yetirilməsi və bəzilərinin saxlanılması ilə başlayan əməliyyat təkcə Rusiyada yox, həm də Azərbaycanda hiddətlə qarşılanıb. Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizm, diskriminasiya, milli ayrı-seçkilik, islamafobiyanın bariz nümunəsidir.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Yekaterinqburqda baş verən hadisələrin “yuxarı”ların göstərişi ilə həyata keçirildiyi açıq-aydın görünür:

“Ukrayna ilə müharibədə insan qıtlığı ilə üzləşən Rusiya rəsmilərinin miqrantları müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparması tendensiyası açıq-aşkar müşahidə olunur. Miqrantlar yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiya verilmir, onlara cəbhədə ən çətin işləri gördürürlər. Qayıtdıqdan sonra yenidən şantaj olunur, müharibəyə aparılırlar. Miqrantarla yanaşı, milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təhdidlərin qurbanı olublar. Elə müharibə başlayan dövrdə azsaylı xalqlar, xüsusilə müsəlmanları savaşa cəlb etdilər. Bu da sonradan yerlərdə etirazlara səbəb oldu”.

Politoloq bildiribi ki, təzyiqlər təkcə Yekaterinburqla yekunlaşmır, Rusiyanın demək olar ki, bütün regionlarını əhatə edir:

“Azərbaycan-Rusiya münasibətlərində sərinləmə hələ mülki təyyarənin vurulması zamanı başladı. Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür qəbul oluna bilməz. 6 aydan artıqdır ki, istintaq gedir, o hadisəni törədənlər, əmrini verənlər bəllidir, lakin hələ heç kəs həbs edilməyib, Azərbaycana da kompensasiya ödənilməyib. Azərbaycan təyyarə qəzası ilə bağlı beynəlxalq müstəvidə iş aparır, bu məsələnin ədalətli həllinə nail olacağıq.

Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunan Azərbaycan deputatının Moskvada saxlanılaraq geri qaytarılması da ölkəmizə olan münasibətin göstəricisidir.

Bir müddət öncə Azərbaycanın media resurslarına kiberhücumun təşkil olunması və bunun arxasında Rusiyanın dayanması aydın görünürdü. Bununla bağlı hətta Milli Məclisdə də hesabat dinlənildi”.

E.Həsənov əlavə edib ki, Rusiyada hazırda digər xalqlara şovinist əhval-ruhiyyə hökm sürür.

“Görünür, orada yaşayan müsəlmanlara qarşıl açıq təzyiqə start verilib. Bu, Rusiyada islamafobiyanın alovlandırılması deməkdir. Qərbə bütün cəbhələrdə uduzan, Ukrayna bataqlığına düşən Rusiya artıq növbəti düşmən axtarışına başlayıb. Rusiyanın belə siyasət aparması təəssüf doğurur. Azərbaycan bu ölkəyə qarşı həmişə normal münasibət bəsləyib. Rusiyanın bu sərt siyasəti yalnız onun özünə ziyan vuracaq”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti