Bakı. Trend:
Rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma yerini və tarixini rəsmi Bakı ilə müzakirə etməyə hazırdır.
Trend xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ xarici siyasət üzrə ali diplomatı Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz sülh sazişinin imzalanacağı yer və tarixlə bağlı danışıqlara başlamağa hazırıq”, - deyə o bildirib.
Qeyd edək ki, bu ilin mart ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını deyib.
"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - deyə o bildirib.