Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-a məxsus, Türkiyədə yerləşən “STAR” neft emalı zavodu mayeləşdirilmiş neft qazının istehsalını artırıb.
Bu barədə Trend Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin aprel ayında zavodda 18 910 ton maye neft qazı istehsal edilib. Bu göstərici 2024-cü ilin aprelindəki 16 617 tonla müqayisədə illik ifadədə 13,8 faiz artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin aprel ayında “STAR” zavodu 932 104 tondan çox neft idxal edib ki, bu da 2024-cü ilin aprelindəki 863 654 tonla müqayisədə 7,9 faiz çoxdur.
Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya layihəsidir.
2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü 13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illik nafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.