...

Rusiyada miqrantlara qarşı artan ayrıseçkilik ciddi narahatlıq doğurur – Deputat

Siyasət Materials 1 İyul 2025 14:09 (UTC +04:00)
Rusiyada miqrantlara qarşı artan ayrıseçkilik ciddi narahatlıq doğurur – Deputat
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar Rusiya Federasiyasında müşahidə olunan hadisələr – xüsusilə də miqrantlara və qeyri-rus etnik mənsubiyyətə malik insanlara qarşı artan ayrıseçkilik, şovinist ritorika və sistemli zorakılıq – ciddi narahatlıq doğurur. Bu proses artıq tək-tək insidentlər səviyyəsini aşaraq, dövlət siyasəti çalarları daşıyan genişmiqyaslı bir tendensiyaya çevrilməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Rusiyada etnik azlıqlara qarşı formalaşan mənfi münasibət təkcə daxili siyasət məsələsi deyil, həm də region üçün ciddi təhlükə mənbəyidir.

“Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq hadisələri, Rusiyanın miqrant siyasətinin artıq açıq diskriminasiya mərhələsinə keçdiyini nümayiş etdirir. Bu cür münasibət Cənubi Qafqazda sabitliyə və sülh səylərinə də zərbə vurur.

Bu mənada 27 iyun tarixində Yekaterinburqda Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iki azərbaycanlının öldürülməsi, bir neçəsinin isə işgəncələrə məruz qalaraq həbs olunması Rusiyada qeyri-rus millətlərə qarşı həyata keçirilən təzyiq siyasətinin acı nəticəsidir.

Həmin şəxslərə qarşı tətbiq edilən fiziki zorakılıq və hüquqi mexanizmlərdən kənar təzyiqlər bu ölkədə azsaylı xalqlara qarşı ayrı-seçkiliyin artıq gizli deyil, açıq şəkildə həyata keçirildiyini göstərir”.

Deputat vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi fonunda miqrantlar və digər etnik azlıqlar ölkədə “günah keçisi” kimi təqdim olunur: “Bu insanlar bəzən hüquqi əsası olmayan ittihamlarla, saxta narkotik işləri ilə şərlənərək, ailələri ilə təhdid olunaraq, döyüş əməliyyatlarına qoşulmağa məcbur edilir. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikinin son açıqlamaları da bu qeyri-insani münasibətin və miqyasının dövlət səviyyəsində etirafına çevrilmişdir.

Milli Məclisin müvafiq komissiyalarının hesabatlarında da qeyd olunduğu kimi, Rusiyada fəaliyyət göstərən bəzi dairələr – o cümlədən Kremlin nəzarətində olan media strukturları – Azərbaycana qarşı planlı informasiya hücumları həyata keçirir. Vladimir Solovyov və ona bənzər “media fiqurlar”ın açıq şəkildə anti-Azərbaycan ritorikası nümayiş etdirməsi bu kampaniyanın məqsədli şəkildə aparıldığını sübut edir”.

Deputat əlavə edib ki, Rusiya, bölgədə real tərəfdaşı olan Azərbaycana qarşı bu cür münasibət sərgiləməklə, əslində Cənubi Qafqazda sülh və sabitliyi təhdid altına atır:

“Bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan Respublikası öz milli maraqlarını, suverenliyini və vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün hüquqi və diplomatik vasitələrdən istifadə etməkdə qərarlıdır. Rəsmi Bakı Cənubi Qafqazda uzunmüddətli sülh, təhlükəsizlik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması istiqamətində prinsipial siyasətini davam etdirəcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti