...

Meşələrin kəsilməsinin və deqradasiyasının qarşısını almaq üçün birgə strategiya vacibdir - Umayra Tağıyeva

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 18:42 (UTC +04:00)
Meşələrin kəsilməsinin və deqradasiyasının qarşısını almaq üçün birgə strategiya vacibdir - Umayra Tağıyeva
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Meşələrin kəsilməsinin və deqradasiyasının qarşısını almaq və dayandırmaq üçün 2030-cu ilədək, fəsadların azaldılması və adaptasiya tədbirlərini birləşdirən birgə strategiya lazımdır.

Trend xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakıdan Belemə: fəsadların birgə azaldılması və uyğunlaşma. Paris Sazişinin 6.8-ci maddəsi kontekstində Amazon regionunun meşələrinin kompleks və dayanıqlı idarəetmə mexanizmi" mövzusunda keçirilən tədbirdə bildirib..

"Amazon meşələri ən önəmli karbon udan və bioloji müxtəlifliyin unikal xəzinəsidir. Onların qorunması yalnız yerli icmalar üçün deyil, bütün dünya üçün həyati əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq üçün biz yerli icmaların iştirakı və ədalət və dayanıqlılıq prinsiplərinə əsaslanan inklüziv yanaşmaları dəstəkləyirik.

Bu yanaşmalar meşələri, su ehtiyatlarını və bioloji müxtəlifliyi əhatə edir. Lakin qarşılaşdığımız ciddi çağırışlar var. Meşələrin kəsilməsi və iqlim dəyişikliyi qlobal iqlim sabitliyini təmin edən bu qiymətli resursa təhdid yaradır.

Bu, yağış rejiminin dəyişməsi və temperaturun yüksəlməsi kimi əhəmiyyətli regional və qlobal dəyişikliklərə səbəb olur. Bu çağırışlara cavab olaraq və ilk qlobal təhlilin nəticələrinə əsaslanaraq, meşələrin kəsilməsi və deqradasiyasını 2030-cu ilə qədər dayandırmaq məqsədilə fəsadların azaldılması və adaptasiya tədbirlərinə yönəlmiş birləşmiş strategiyaların vacibliyini vurğulayırıq. Bu təcili çağırışa birgə səylərlə cavab verməliyik", – deyə U.Tağıyeva qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti