Bakı. Trend:
COP29-da Paris Sazişinin bütün əsas sahələri üzrə razılığın əldə olunması son dərəcə vacibdir.
Trend xəbər verir ki, bunu Böyük Britaniyanın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Reyçel Kayts COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Bizim burada - COP29-da Paris Sazişinin bütün əsas sütunları: iqlim dəyişikliyinin azaldılması, uyğunlaşma və maliyyə üzrə razılığa gəlməyimiz çox vacibdir. Böyük Britaniya yeni Kollektiv Kəmiyyət Məqsədinə nail olmaq üçün bütün ölkələri və Sədrliyi dəstəkləməyə və onlarla işləməyə hazırdır", - o deyib.
O, 1,5°C hədəfi üçün işləri sürətləndirəcək NCQG-nin yaradılmasına ehtiyac olduğunu söyləyib.
“Yeni meyar iddialı, realist və əldə edilə bilən olmalı, dövlət maliyyələşdirməsinə üstünlük verməlidir, lakin daha çox özəl kapitalı cəlb etmək potensialı olmalıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.