Bakı. Trend:
Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib və Azərbaycanın siyasi sistemində xalqımızın milli maraqlarını və dövlətçilik mənafeyini əks etdirən güclü və etibarlı siyasi təşkilat adını qazanıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb.
“Yeni Azərbaycan Partiyası tarixi zərurətdən irəli gələrək, Azərbaycan xalqının ən ağır günlərində, ölkəmizin müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımızı bu mürəkkəb vəziyyətdən çıxarmaq amalı ilə yaradılmış bir təşkilatdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, Azərbaycan qarşısında çox mühüm çağırışlar dayanır, taleyüklü məsələlərin həll edilməsi həyati zərurətə çevrilmişdi.
“Pərən-pərən düşmüş xalqı vahid azərbaycançılıq ideologiyası ətrafında birşləşdirmək, siyasi xaosu aradan qaldırmaq, qanunsuz silahlı dəstələrin özbaşınalığının qarşısını almaq, xalqı düşdüyü ağır sosial-iqtisadi böhrandan çıxarmaq, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini gücləndirmək və ən əsası, erməni işğalını dayandırmaq Azərbaycanın müstəqilliyinin və bir dövlət kimi mövcudluğunun qorunub saxlanması üçün həyati əhəmiyyət kəsb edirdi.
Bu ağır taleyüklü və son dərəcə məsuliyyətli məsələləri həll etmək missiyasını üzərinə götürə biləcək güclü, vahid ideologiyası, proqramı və strateji hədəfləri olan, vətəndaşların siyasi iradəsini ifadə edən, dövlətin milli maraqlarını hər şeydən üstün tutan siyasi təşkilata zərurət var idi.
Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə cərəyan edən bu hadisələrin məntiqi nəticəsi idi, çünki belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyevin müdrikliyi, xalqın ona olan inamı, sevgisi Yeni Azərbaycan Partiyasının yaranmasını labüdləşdirdi. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. Heydər Əliyev ideyaları əsasında qurulan partiyamız qısa zaman ərzində xalqın inamını doğruldu.
Belə ki, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, ətrafına çoxlu sayda üzvlər toplayaraq, xalqın dəstəyi və tələbi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla yanaşı, müstəilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyev tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”, - deyə deputat bildirib.
Deputat vurğulayıb ki, bu günlərdə Yeni Azərbaycan Partiyası üçün tarixi bir gündür.
“Partiyamızın yaranmasının 32 illiyi tamam olur. Bu 32 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli inkişaf yolu keçib. Partiyamız öz fəaliyyətini möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursuna uyğun şəkildə qurur və müasir dövrün çağırışlarını diqqətdə saxlayır”, - deyə deputat əlavə edib.