Bakı. Trend:
Regionda digər ölkələrin Su Konvensiyasına qoşulmaması transsərhəd əməkdaşlığını mümkünsüz edir.
Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində "Birləşmiş Ərəb Əmirliklərinin Qlobal İqlimə Dayanıqlılıq Çərçivəsi üzrə Tərəqqinin Təminində İqlim Məlumatlı Transsərhəd Su İdarəçiliyinin Rolu" mövzusunda tədbirdı çıxışı zamanı deyib.
"Azərbaycan üçün transsərhəd sular məsələsi strateji prioritetlərdən biridir. Ölkəmiz Həkəriçay, Bərgüşadçay, Oxçuçay, Kür və Araz çayları kimi böyük transsərhəd su hövzələrinin aşağı axınında yerləşir və bu çayların suları Xəzər dənizinə tökülərək region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Uzun illərdən bəri Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması, bütün regionun ekosisteminə və su təhlükəsizliyinə ciddi təhdid yaradır.
Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq birgə fəaliyyətlərə önəm verir və 2000-ci ildən BMT-nin Su Konvensiyasına üzvdür. Təəssüf ki, regionda digər ölkələrin Su Konvensiyasına qoşulmaması, transsərhəd əməkdaşlığını mümkünsüz edir və suların dayanıqlı idarə olunması imkanlarını məhdudlaşdırır.
Ölkəmizin transsərhəd su ehtiyatlarının idarə edilməsi sahəsində üzləşdiyi çağırışlar nəzərə alınarsa, bu üzvlük strateji əhəmiyyət kəsb edir. Xüsusilə, Azərbaycanın su ehtiyatlarının təxminən 70%-nin transsərhəd çaylardan formalaşdığı bir mühitdə, beynəlxalq hüququn təmin etdiyi əməkdaşlıq imkanları çox vacibdir.
Transsərhəd suların ədalətli və dayanıqlı idarə olunması yalnız vahid ölkənin deyil, bütün regionun məsuliyyətidir. Buna nail olmaq üçün birgə səylərimizi gücləndirməliyik.
Bu gün burada toplaşmağımız sübut edir ki, biz birlikdə hərəkət etməyə, biliklərimizi və təcrübələrimizi paylaşmağa hazırıq. Mən əminəm ki, bu tədbirdə aparılan müzakirələr transsərhəd suların idarə olunması sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq və bütün region üçün dayanıqlı gələcək qurulmasına töhfə verəcək", - o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.