Bakı. Trend:
İqlim maliyyələşdirilməsi sahəsində hesabatlılıq və şəffaflıq ciddi şəkildə təkmilləşdirilməlidir.
Trend xəbər verir ki, bu barədə Almaniya İnkişafın Qiymətləndirilməsi İnstitutunun (DEval) eksperti Kevin Moull COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) tərəfindən təşkil edilən panel müzakirəsində çıxışında bildirib.
Sessiya "İqlim maliyyələşdirilməsi, siyasəti və proqramlarının müstəqil qiymətləndirilməsi perspektivləri: məlumatlar necə təsir göstərə bilər?" mövzusuna həsr olunub. Burada sosial-iqtisadi ehtiyacların maliyyə dəstəyi ilə iqlim dəyişikliyinin təsirlərinin azaldılması potensialı arasındakı balans, hesabatlılıqda şəffaflıq və mövcud məlumat çatışmazlıqları kimi məsələlər müzakirə edilib.
K.Moull qeyd edib ki, Almaniya ən az inkişaf etmiş ölkələrə (LDC) yardım göstərməyə fokuslanaraq, eyni zamanda, formalaşmaqda olan bazar iqtisadiyyatlarında iqlim dəyişikliyinin təsirlərinin azaldılması ilə bağlı vəzifələri həll edir.
"Almaniya iqlim dəyişikliyinin təsirlərini daha da azaltmaq üçün imkanlarından imtina edərək, yüksək sosial-iqtisadi ehtiyacları olan ölkələrə əhəmiyyətli resurslar ayırır", — deyə o bildirib.
Hesabatlılıqda şəffaflıq məsələsinə toxunan K.Moull iqlim maliyyələşdirilməsi ilə bağlı məlumatlarda uyğunsuzluqlara diqqət çəkib.
"Almaniyanın inkişaf məqsədləri üçün rəsmi yardımı qlobal 100 milyard dollarlıq hədəfin təxminən 8 faizini təşkil edir ki, bu da tarixi emissiyalar və iqtisadiyyatın ölçüsünə görə ölkənin ədalətli payına uyğundur. Lakin bütün bəyan edilmiş məlumatların üçdə biri iqlim maliyyələşdirilməsinin real meyarlarına uyğun gəlmir. Şəffaflığı artırmaq çox vacibdir. Vəsaitin haraya yönəldiyini anlamaq üçün dəqiq məlumatlar lazımdır", – deyə o vurğulayıb.
O, həmçinin, təsirlərin azaldılması və uyğunlaşma üzrə məlumat boşluqlarına diqqət çəkib. İnfrastruktur və texnologiya layihələrindən emissiyaların azaldılması kimi birbaşa təsirlər ölçülə bilsə də, siyasət və institusional islahatların təsiri kimi dolayı nəticələr hələ də qiymətləndirilməsi çətin sahələr olaraq qalır.
Bundan əlavə, K.Moull aşağı karbonlu inkişafı təşviq edən transformasiya dəyişiklikləri ilə bağlı keyfiyyətli məlumatların zəruriliyini vurğulayıb.
"İqlimə davamlı kənd təsərrüfatı kimi sahələrdə məlumatlar mövcud olsa da, sistemli dəyişikliklər üzrə tədqiqatlar hələ də kifayət deyil", – o qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin artan aktuallığı şəraitində uyğunlaşma və təsirlərin azaldılması üzrə səyləri sürətləndirmək və genişləndirmək vacibdir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.