Bakı. Trend:
COP29-da əhəmiyyətli nəticələr əldə etmək üçün bütün tərəflərin konstruktiv işləməsi vacibdir.
Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Hazırda danışıqlar masasında mətnlər mövcuddur, lakin təəssüf ki, iqlim dəyişikliyi ilə mübarizə, uyğunlaşma və emissiyaların azaldılması üçün maliyyələşdirmə kimi mərkəzi məsələlər üzrə onlar hələ də bu sahədə əhəmiyyətli nəticələrə nail olmaq üçün zəruri səviyyəyə çatmayıb.
Bu, o deməkdir ki, bu cür danışıqlarda tez-tez olduğu kimi, bizi çox çətin günlər gözləyir. Bəzi hallarda hər bir addım üçün əsl mübarizə aparılacaq. İndi bütün tərəflərin konstruktiv işləməsi çox vacibdir", – deyə o bildirib.
Nazirin sözlərinə görə, Almaniya və Avropa komandası qarşıdakı günlərdə ən kiçik irəliləyişlər üçün belə mübarizə apararaq irəliləyişə nail olmağa çalışacaq.
"Biz Dubayda əldə edilmiş razılaşmalardan geri çəkilməyə və ya onların məzmununun zəiflədilməsinə imkan verməyəcəyik", – deyə A.Berbok vurğulayıb.
O əlavə edib ki, hazırda bərpa olunan enerji sahəsinə illik investisiyalar 2 trilyon ABŞ dolları təşkil edir ki, bu da qalıq yanacaqlara qoyulan sərmayələrin ikiqatıdır.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.