Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqlim dəyişikliyi ilə mübarizədə kritik həll yollarını tapmaq üçün məlumatlara əsaslanan yanaşmadan istifadə edir.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit üzrə naziri Amna bint Abdullah Əl-Dahak COP29 çərçivəsində "Rio Trio təşəbbüsünün (Kolumbiya, Azərbaycan, Səudiyyə Ərəbistanı) "Dayanıqlı ekosistemlər üçün konvensiyalar arasında bilik mübadiləsinin artırılması" mövzusunda keçirilən yüksək səviyyəli dialoqda bildirib.
"Məlumatlar siyasətin qiymətləndirilməsi və faktlara əsaslanan həllərin hazırlanmasında əsas rol oynayır. Məlumatların analizi irəliləyişi obyektiv şəkildə izləməyə, problemləri müəyyən etməyə, hadisələri proqnozlaşdırmağa və tədbirləri uyğunlaşdırmağa imkan verir.
BƏƏ-də 49 qorunan ərazinin yaradıldığı bir mühitdə, məlumatlar uğurlu həll yollarını müəyyən etmək və effektiv tədbirləri genişləndirmək üçün istifadə olunur. Biz məlumatlara əsaslanan yanaşmadan istifadə edərək, iqlim dəyişikliyi ilə mübarizədə kritik həll yollarını tapırıq.
Məlumat mübadiləsi siyasətin regional xüsusiyyətləri nəzərə alınmaqla, operativ tənzimlənməsinə və idarəetmə səviyyələri arasında sinerjinin əldə olunmasına kömək edir.
Məlumatlar ictimai resurs kimi şəffaflıq və yerli biliklərin nəzərə alınmasını tələb edir, çünki bunlar mühüm kontekst təqdim edir və məlumat boşluqlarını aşkar edir. Yerli müşahidələr və fokus qruplar tərəfindən dəstəklənən təbii həll yollarına investisiyalar uyğun tədbirlərin hazırlanmasına və təbii ehtiyatların daha səmərəli istifadəsinə kömək edir. Bu yanaşma dayanıqlı iqlim məqsədlərinə nail olmağa töhfə verir", – deyə nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.