...

Yaxın saatlarda COP29-da təbiətin qorunması sahəsində mühüm nəticələr əldə etmək şansı var - Böyük Britaniyalı nazir

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 16:50 (UTC +04:00)
Yaxın saatlarda COP29-da təbiətin qorunması sahəsində mühüm nəticələr əldə etmək şansı var - Böyük Britaniyalı nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın 24-48 saat ərzində təbiətin qorunması sahəsində mühüm nəticələr əldə etmək və Bakıdan Belema keçid üçün möhkəm təməl yaratmaq şansımız var.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın ətraf mühit naziri Meri Kriq "Təbiətə uyğun gələcək və Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması üzrə tədbirlərin uyğunlaşdırılması" mövzusunda dünya liderlərinin dəyirmi masa müzakirəsində bildirib.

"Biz iqlim dəyişikliyi ilə mübarizədə meşələr, manqrov meşələri və torf bataqlıqları kimi təbiət əsaslı həllərdən səmərəli istifadə etməliyik. Onların qorunması və bərpası həyati əhəmiyyət daşıyır. Böyük Britaniya tərəfdaşları ilə birlikdə "Miras qalmış landşaftlar" Fonduna investisiya edərək, qlobal "30-a 30" məqsədinə nail olmağa çalışır.

Biz təbiəti torpaqdan istifadə siyasətinə inteqrasiya edərək, davamlı kənd və meşə təsərrüfatını dəstəkləyirik. Özəl kapitalı cəlb etmək üçün "ilk itkilər" yanaşması tətbiq olunur ki, burada dövlət investorlar üçün riskləri azaldır.

Böyük Britaniya və Almaniyanın dəstəklədiyi "Eco-Business Fund" bir milyon hektardan çox ərazini qoruyaraq, əhəmiyyətli özəl investisiyaları cəlb edən dayanıqlı təcrübələri tətbiq edir", – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Böyük Britaniya, həmçinin, torpaq deqradasiyasının neytrallığı fondunu maliyyələşdirərək, əraziləri bərpa edir, fermerləri dəstəkləyir və karbon emissiyalarını azaldır.

"Texniki yardım biliklərin ötürülməsində və təşəbbüslərin təsirinin gücləndirilməsində əsas rol oynayır. Madaqaskarda “Acre” layihəsi belə investisiyalar vasitəsilə deqradasiyaya uğramış torpaqları bərpa edir, fermerləri dəstəkləyir və biomüxtəlifliyi qoruyur.

Təbiət, iqlim və yoxsulluq problemlərini eyni vaxtda həll edən dövlət-özəl tərəfdaşlıqlar gələcəyə doğru yoldur. Böyük Britaniya bu yanaşmalarda uğur nümayiş etdirib. Bu məqsədlərə nail olmaq üçün maliyyələşdirməyə böyük tələbat var və uyğun dəstək olduqda vəziyyəti dəyişmək üçün çoxlu imkanlar mövcuddur.

Yaxın 24-48 saat ərzində təbiətin qorunması sahəsində güclü nəticələr əldə etmək və Bakıdan Belema keçid üçün möhkəm təməl yaratmaq şansımız var. Biz birlikdə fərqli yanaşmalar və çərçivələr arasında düzgün balans taparaq yeganə planetimizi qorumalıyıq", – deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti