Bakı. Trend:
Su təchizatı yüksək prioritet aspekt kimi yalnız 5 faiz Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) qeyd olunur.
Trend xəbər verir ki, bu barədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE)) katibi Sonya Keppel COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada bildirib.
"Transsərhəd əməkdaşlıq üçün qlobal hüquqi vasitə olan Su Konvensiyası çərçivəsində biz Milli Adaptasiya Planlarını (NAPs) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDCs) təhlil etdik ki, bu aspektlərin nə dərəcədə nəzərə alındığını öyrənək. Milli adaptasiya planları ilə bağlı vəziyyət daha yaxşıdır: su təchizatı və sanitariya aspektləri onların yarısından çoxunda yer alır və böyük bir hissəsində bu məsələlər yüksək prioritet kimi qiymətləndirilir.
Planların təxminən 40 faizi transsərhəd su resurslarının idarə olunmasını müəyyən qədər nəzərə alır. Lakin NDCs ilə bağlı vəziyyət xeyli pisləşir. Xüsusilə, su təchizatı yüksək prioritet aspekt kimi yalnız 5 faiz NDC-də qeyd olunur, sanitariya və gigiyena isə təxminən 16 faizdə, transsərhəd məsələlər isə 2 faizdən az NDC-də əksini tapır. Buna görə də ümid edirik ki, hələ də hazırlanmaqda olan NDC-lərin və NAP-ların növbəti dövrü mənim sadaladığım su aspektlərinə daha çox diqqət ayıracaq. Məhz bu səbəbdən Su Konvensiyası yalnız təhlil deyil, həm də bu mövzuların prioritetlərə necə daxil edilə biləcəyi ilə bağlı təklifləri əks etdirən fəaliyyət yönümlü sənəd hazırlayıb", – deyə Sonya Keppel bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.