Bakı. Trend:
Braziliya Federal Polisi keçmiş prezident Jair Bolsonaronu 2022-ci ildə dövlət çevrilişinə cəhd və demokratik hüquqi dövlətin zorakılıqla devrilməsi cəhdində ittiham edib.
Trend xəbər verir ki, bu barədə ölkənin “G1” portalı məlumat yayıb. Bolsonaro Cinayət Məcəlləsinin bir neçə maddəsini pozmaqda, o cümlədən o zamankı seçilmiş prezident Luiz İnasio Lula da Silvanın andiçmə mərasimini pozmaq üçün addımlar atmaqda günahlandırılır.
Məlumata görə, qanunvericiliyə əsasən, zorakı təcavüz aktı baş verməsə belə, demokratik qaydaların pozulmasına yönələn hərəkətlər ciddi cəzalandırılır.
Hazırda bu iş Braziliyanın Federal Ali Məhkəməsinə təqdim olunub. Məhkəmə məruzəçisi, hakim Aleşandri di Morays, işi Respublika Baş Prokurorluğuna göndərməlidir. Prokurorluq Bolsonaroya qarşı rəsmi ittiham irəli sürmək və ya işi bağlamaq barədə qərar verəcək.
Bu məsələ ölkədə demokratik dəyərlərin qorunması baxımından geniş müzakirələrə səbəb olub.