Bakı. Trend:
2023-cü ildə Yaponiyada iş yerindəki ağır stress nəticəsində psixi pozğunluqların, o cümlədən depressiyanın artdığı qeydə alınıb.
Trend xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına əsasən, il ərzində bu səbəbdən rəsmi diaqnoz qoyulan insanların sayı 883 nəfərə çatıb. Bu, statistik məlumatların toplanmasından bəri ən yüksək göstəricidir.
Xüsusilə, bu insanlar arasında rəhbər vəzifə tutanların sayı 52-yə yüksəlib ki, bu da ötən ildən 15 nəfər çoxdur. İş yerlərində stress səbəbilə 15 nəfər intihar edib, bu isə əvvəlki illə müqayisədə 4 nəfər artım deməkdir.
Mütəxəssislər bildirirlər ki, xüsusən orta səviyyəli menecerlər ikiqat təzyiq altındadır. Onlardan həm məhsuldarlığı artırmaları, həm də tabeliyində olan işçilərin iş saatlarını azaltmaq və iş mühitində islahatlar aparmaq tələb olunur. Bu balanssız gözləntilər stressin artmasına və mənfi təsirlərə səbəb olur.
Yaponiyada iş mühitinin sağlamlaşdırılması üzrə islahatların zəruriliyi ilə bağlı çağırışlar getdikcə daha da güclənir.