Bakı. Trend:
2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını təqdir edib, bunu zəruri edən amillərə toxunub:
“Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncə dövlətimizin təhlükəsizliyi ilə bağlıdır.
Bildiyiniz kimi, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müahribəsində qalib gələrək erməni faşizminə ağır zərbə vursa da, bu gün də ölkəmizə qarşı müəyyən təhdidlər davam edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev də öz çıxışlarında bildirir ki, bu gün də Ermənistanla yanaşı, bəzi məkirli qüvvələr, Fransa kimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlıdır. Bu məqsədlə də anti-Azərbaycan qüvvələri, imperialist güclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onu hər vasitə ilə müharibəyə hazırlamağa çalışırlar.
Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən də müəyyən texnikalar alır. Bütün bunlar İrəvanın sülhdən daha çox müharibə haqqında düşündüynü göstərir. Çünki sülh istəyən bir dövlətin bunca sürətlə silahlanması məntiqsizdir.
Aydındır ki, belə olan təqdirdə Azərbaycan da öz müdafiə xərclərini artırmağa, öz təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün hərbi baxımdan güclənməyə məcburdur. Çünki həm işğal dönəmi, həm də 44 günlük Vətən müharibəi göstərdi ki, müasir dünyamızda gücün alternativi yoxdur. Öz təhlükəsizliyini, ərazi btövlüyünü təmin etmək istəyən hər bir dövlət beynəlxalq hüquqa deyil, öz hərbi qüdrətinə etibar etməlidir. Bu səbəbdən də Azərbaycan öz müdafiə xərclərini günün tələbini və regiondakı reallıqları nəzərə almaqla artırmaqda, Silahlı Qüvvələrin peşəkarlığını, maddi-texniki təchizatını yüksəltməkdədir".
O qeyd edib ki, Azərbaycan dövləti müdafiə xərclərini artırmaqla yanaşı, sosial-iqtisadi layihələrini də genişləndirməkdə, xalqın rifahının yaxşılaşması istiqamətində mühüm proyektlər həyata keçirməkdədir.
"Dövlətimizin imkanları müdafiə sektorunu gücləndirməklə yanaşı, iqtisadiyyatın sürətli inkişafını təmin etməyə, onu daha çox şaxələndirməyə imkan verir. Ermənistan isə iqtisadi baxımdan acınacaqlı vəziyyətdə olduğu üçün, öz silahlanmasını daha çox xaricdən toplanan ianələrin, heç vaxt ödəyə bilməyəcəyi kreditlərin hesabına təmin etməyə çalışır. Fransa və bəzi dövlətlər isə müəyyən məqamlarda regionla bağlı öz maraqlarını təmin etmək üçün ona məyyən silahları təmənassız verir ki, bu da ermənipərəst dairələrin Cənubi Qafqazda yeni bir qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunu göstərir. Lakin həm Ermənistan, həm də ona dəstək verən dövlətlər bilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yeni darmadağından başqa bir şey olmayacaq. Bu isə nəticə etibarı ilə Ermənistan dövlətinin sonu ola bilər”, - sədr əlavə edib.