Bakı. Trend:
Latviyada fəaliyyət göstərən Azəri Gənclər Təşkilatı Riqa Texniki Universitetində Zəfər Günü münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan “Zəfər Yığıncağı” adlı tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Latviya Seyminin deputatı, Azəri Gənclər Təşkilatının sədri, diasporun fəal üzvü Amil Səfərov çıxış edib. Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan və qazanılan şanlı qələbədən danışıb.
Tədbirin davamında 44 günlük Vətən müharibəsi ilə bağlı qısametrajlı film göstərilib, Şuşa haqqında geniş məlumat verilib, Şuşanın işğaldan azad olunduqdan sonrakı görüntüləri nümayiş etdirilib.
Soydaşlarımız Malik Ələkbərov və Aygün Əsədovanın ifasında “Uzundərə” rəqsi təqdim olunub.