Bakı. Trend:
İtaliya, Avropa İttifaqında “Qara Cümə” və “Kiber Bazar ertəsi” endirimlərinə ən böyük maraq göstərən ölkə olaraq seçilir.
Trend xəbər verir ki, bu barədə “PwC” şirkətinin araşdırmasında məlumat verilib. Araşdırmaya görə, İtaliyada hər 10 nəfərdən 9-u endirim günlərində alış-verişə maraq göstərir. Ümumilikdə istehlakçıların 86 faizi bu xüsusi günlərdə alış-veriş etməyi planlaşdırır.
İtalyan respondentlərin 54,3 faizi alış-veriş üçün 101-500 avro arasında büdcə ayırmağı düşünür. Maraqlıdır ki, italyanlar daha çox yaxınlarına və dostlarına məhsullar almağa üstünlük verirlər. Bir nəfərin orta hesabla xərclədiyi məbləğ isə 229 avrodur. Ən çox xərclər elektronika, geyim, tibbi, sağlamlıq və gözəllik məhsullarına yönəldilir.
Həmçinin, 2023-cü ildə istehlakçıların 62 faizi noyabrın ilk həftələrində alış-veriş etməyə başlamışdısa, bu il bu rəqəm 37 faizə enib. Bu da əsas diqqətin endirim günlərinə yönəldiyini göstərir.