...

Qərbin birtərəfli və zorakı siyasəti regionu xaosa sürükləyir - ŞƏRH

Siyasət Materials 27 Dekabr 2023 10:03 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Birliyinin xarici siyasəti deyildikdə, adətən, yada düşən ilk nəzəri yanaşma realizm olur. Bunun səbəbi odur ki, realizm dövlətlərin maraqlarının əsas olduğunu müdafiə edən və suverenliyin ötürülməsinin qeyri-mümkünlüyünü əsas götürən strukturu təmsil edir.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, bu struktur bəzən bu ölkələrin münasibətdə olduğu ölkələrə və ya ətraf ölkələrə ziyan vurur.

"Aİ-nin ölkələrin ictimai-siyasi vəziyyətini nəzərə almadan birtərəfli qaydada qonşu dövlətlərə tətbiq etdiyi xarici siyasət oxu müvafiq dövlətləri bir çox çətinliklərə məruz qoyur, hətta bu ölkələrin suverenliyini və ərazi bütövlüyünü təhlükəyə salır.

Bunun ən son nümunəsi Şərqi Avropa ölkələrində müşahidə olunur. Ölkələrin dinamikasını nəzərə almayan Avropanın bu birtərəfli, zorakı siyasətləri regionu qeyri-sabitliyə, xaosa sürükləyir. Xüsusilə son illərdə Avropanın uzaqgörən, yalnız öz maraqlarını ön planda tutan, sabitlik və sülh tərəfdarı olmayan liderlərinin izlədiyi çirkin xarici siyasəti həm Avropanın ümumi dəyərlərinə ziddir, həm də region ölkələrində daxili sülhə xələl gətirir.

Son nümunə Serbiyada seçkilərdən sonra yaranmış vəziyyətdir. Seçkilərdən sonra müxalifət seçkinin saxtalaşdırıldığını əsas gətirərək, bəzi etiraz aksiyaları keçirib. Bizə yad olmayan bu hərəkət tərzi Avropanın son zamanlar ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə etdiyi bir üsuldur. Bu üsul əvvəllər rəngli inqilablar adlanan postsovet ölkələrində də həyata keçirilirdi. Bu, ölkələrdə uzunmüddətli qeyri-sabitliyin mənbəyi olub.

Bəs Aİ Serbiyadan nə gözləyir? Məlum olduğu kimi, Serbiya coğrafi və mədəni baxımdan Avropanın bir hissəsi sayılsa da, Rusiya ilə ənənəvi olaraq köklü əlaqələrə malik olub. Aİ bu vəziyyətdən narahatdır. O, Serbiyadan anti-Rusiya siyasət yürütməyi tələb edir. Digər tərəfdən, Vuçiç balansa əsaslanan müstəqil siyasət aparır. Başqa sözlə, Vuçiç Aİ üzvlüyünə maraq göstərsə də, ənənəvi müttəfiqi Rusiya ilə də münasibətlərini davam etdirir. Bundan narahat olan Avropa və avropapərəst müxalifət Vuçiçi rəsmi olaraq Avropa Birliyinə (Aİ) üzv olmağı hədəfləyən, lakin ənənəvi müttəfiqi Rusiya ilə sıx əlaqələr saxlayan ölkədə qeyri-müəyyənlik mühiti yaratmaqda ittiham edir.

Digər tərəfdən, Serbiyanı Aİ və ABŞ-nin nəzarəti altında de-fakto müstəqilliyini elan etmiş Kosovonu tanımağa məcbur edir. Avropa bu müxalifətə müqavimət göstərən və müstəqil siyasət yürütməyə çalışan Vuçiçin iqtidardan uzaqlaşaraq, Aİ siyasətləri ilə uyğun gələn müxalifətlə işləməsini istəyir. Seçkilərdə məqsədlərinə çatmayanda müxalifətlə əməkdaşlıq edir və bu da ölkəni xaosa aparır. Nəticədə Aİ-nin hazırda yürütdüyü siyasət regionu, o cümlədən, Serbiyanı qeyri-sabitliyə sürükləyir", - deyə M.Yüce əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti