...

Afət Həsənova: Əhali artımı, yeni yaşayış binalarının tikintisi su təchizatına təsirsiz ötüşmür

Cəmiyyət Materials 2 İyul 2020 15:17 (UTC +04:00)
Bu gün qlobal miqyasda əhali artımı, iqtisadi inkişaf və istehlak ilə bağlı dəyişən tendensiyalar, o cümlədən iqlim dəyişikliyi səbəbindən şirin suya olan tələbat artmaqdadır və gələcəkdə su ehtiyatlarından istifadənin daha da artması proqnozlaşdırılır.
Afət Həsənova: Əhali artımı, yeni yaşayış binalarının tikintisi su təchizatına təsirsiz ötüşmür

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün qlobal miqyasda əhali artımı, iqtisadi inkişaf və istehlak ilə bağlı dəyişən tendensiyalar, o cümlədən iqlim dəyişikliyi səbəbindən şirin suya olan tələbat artmaqdadır və gələcəkdə su ehtiyatlarından istifadənin daha da artması proqnozlaşdırılır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, dünyanın bir parçası olaraq, Azərbaycanda gedən inkişaf prosesi, əhali artımı şirin suya olan tələbatı artırır, o cümlədən Bakıda əhalinin artımı, yeni yaşayış binalarının tikintisi, turizmin inkişaf perspektivi də su təchizatı məsələsinə təsirsiz ötüşmür.

Deputat deyib ki, digər tərəfdən son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur ki, bu da öz növbəsində ölkəmizdə əhalinin içməli su təchizatına mənfi təsir göstərir.

A.Həsənova vurğulayıb ki, Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə aşağı səviyyədədir: “Digər tərəfdən əsas su mənbələrimiz olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti çətinləşdirir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev əhalinin içməli su təchizatının yaxşılaşdırılmasına ciddi diqqət yetirir. O bildirib ki, dövlət başçısı son illər ərzində Bakı şəhəri və Abşeron yarımadası, respublikanın bir sıra şəhərlərinin, 210-dan çox kəndinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb:

“Bildiyiniz kimi ötən gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmə keçirilib, ölkəmizdə içməli suya olan tələbatın ödənilməsi, bu sahədə yaranan problemlər, Azərbaycandakı su ehtiyatları və içməli su mənbələri və s. barədə müzakirələr aparılıb.

İclasda bildirilib ki, Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır. Bu o deməkdir ki, bizim şirin sulara əlçatanlığımız daha böyük investisiya tələb edir.

Nəzərə çatdırılıb ki, ölkəmizdə içməli su məqsədilə istifadə edilən əsas su anbarları Ceyranbatan, Taxtakörpü, Şəmkirçay, Mingəçevir, Xanbulançay və Viləşçay su anbarlarıdır.

2010-2019-cu illərdə ölkəmizdə məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb, “Azərsu” ASC tərəfindən 140 km magistral su kəmərləri çəkilib, 2650 km paylayıcı su şəbəkəsi, 4860 km binadaxili xətlər çəkilib, 69 km uzunluğunda mövcud magistral kəmərlərin reabilitasiyası aparılıb, məhəllədaxili 14 anbar tikilib, 402 min ədəd su sayğacı quraşdırılıb. İclasda “Azərsu”nun sədri Qorxmaz Hüseynov su çatışmazlığı və itkilərin səbəbləri barədə danışarkən bu sırada magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyini, sayğacdankənar istifadə hallarını, ictimai bulaqları, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunu, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd edib.

İclasda o da qeyd olunub ki, regional inkişaf proqramlarında əhalinin içməli su təminatının yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Eyni zamanda uzun illərdən bəri hazırlanmayan su balansı artıq hazırlanıb və ilkin təsdiqə verilib. Su balansının gələcəkdə daha təkmilləşməsi istiqamətində işlər görüləcək, ölçmə metodları daha yeni texnologiyaların tətbiqi ilə həyata keçiriləcək”.

Deputat vurğulayıb ki, su təchizatı sahəsində olan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır: “Su problemi əlbəttə bütün dünyanı narahat edən bir məsələdir. Bu problemin yaranması isə daha çox təbbi proseslərlə bağlıdır. Yəni yağıntıların olmaması, quraqlıq, əhali artımı və digər məsələlər su təchizatı sahəsində problemlərin yaranmasına səbəb olur. İnanırıq ki, indiyə qədər görülən və bundan sonra da görüləcək tədbirlər nəticəsində içməli su ilə bağlı problem öz həllini tapacaq. Hazırda isə pandemiya dövründə müvafiq qurumlar tərəfindən su təchizatı məsələsinə daha böyük diqqət ayrılması məqsədəuyğundur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti