Bakı.Trend:
Hazırda 40 milyon insan QİÇS-lə mübarizə aparır. Təqribi hesablamara görə hər il QİÇS-dən 35-40 milyon insan vəfat edir.
Trend xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirinin müavini Nadir Zeynalov Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“QİÇS bir xəstəlik kimi ötən əsrin 80-ci illərindən bəşəriyyətə məlumdur. Xəstəliyin müalicəsi və profilaktikasında böyük nailiyyətlər əldə olunub. QİÇS-in effektiv müalicə üsulu var. Bununla QİÇS-in immunitetdəki səviyyəsini azaltmaq olur ki, bu da yoluxmaların qarşısını alır”, - o əlavə edib.
N. Zeynalov qeyd edib ki, QİÇS-lə bağlı ən çətin vəziyyət Afrika ölkələrindədir:
“Ölkəmizdə isə bu xəstəliklə bağlı epidemioloji vəziyyət xeyli yaxşıdır. Amma bu bizi arxayın etməməlidir. Çünki virusu tamamilə yox etmək yolu yoxdur. Bu xəstəliklə bağlı tibbi məsələlər müəyyən qədər həll olunsa da, stiqma və diskriminasiya kimi sosial məsələlər hələ də həll olunmayıb. Dünyadakı bütün QİÇS-ə yoluxmuş insanlar bu problemlərlə üzləşir”.
O vurğulayıb ki, QİÇS cəmiyyət tərəfindən qəbul olunmur: “Digər insanlar QİÇS-ə yoluxmuş insanlardan çəkinir. Bu da müəyyən problemlərə gətirib çıxarır. İnanıram ki, gələcəkdə bu xəstəliyə qarşı ya peyvənd, ya da daha effektiv müalicə üsulu tapılacaq. Bunun üçün nə qədər çox çalışsaq, bu işi addım-addım yerinə yetirə bilərik”.
