Bakı. Trend:
“Baku Network” analitik platformasında “Tofiq Abbasovla Dialoq” proqramının yeni buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, studiyanın qonağı tanınmış xalçaçı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Avropa Universitetinin və Avropa Təbii Elmlər Akademiyasının professoru Eldar Hacıyev olub.
Söhbət Azərbaycan xalçasının mənəvi, bədii və milli roluna, həmçinin, mədəni irs məsələlərinə və onun başqaları tərəfindən özünkiləşdirmə cəhdlərinə qarşı mübarizəyə həsr edilib.
Eldar Hacıyev qeyd edib ki, xalça azərbaycanlılar üçün sadəcə məişət əşyası deyil, mədəni kodun bir hissəsidir: “Biz xalçaların üstündə böyümüşük, divarlardan xalçalar asılıb – bu, ömür boyu bizi müşayiət edən bir rəmzdir”.
Sənətkar bildirib ki, Azərbaycan xalçaları hər zaman fars və ya digər xalça məktəblərindən fərqlənib: əgər Təbriz ənənəsi bitki ornamentləri ilə xarakterizə olunursa, Qarabağ, Qazax, Şirvan və Quba kimi məktəblər isə daha çox həndəsi simvolika üzərində qurulub. Bu isə onlara xüsusi fəlsəfi və mistik məna verir.
Onun sözlərinə görə, məhz bu həndəsə Avropa və Amerikada heyranlıq doğurur.
Eldar Hacıyev Qarabağ xalçaçılıq məktəbinə toxunaraq, onun rəngarəngliyi, zəngin rəngi və motivlərinin İpək yolu ilə bağlılığının seçildiyini vurğulayıb: “Cəbrayılda və Şuşada qızılgüllü, çiçəkli xalçalar toxunurdu”.
Hacıyev bildirib ki, ölkənin hər bir regional xalçaçılıq məktəbi toxunuş sıxlığına, ornamentlərinə və boyalarına görə özünəməxsus xüsusiyyətlərə malikdir və bu, milli bədii sənətkarlıq sisteminin yüksək inkişafını göstərir.
O, Azərbaycana Qələbədən sonra yaratdığı kolleksiyadan danışaraq deyib: “Mən Qarabağ ornamentlərini yeni ideyalarla sintez edirəm - xalçalarımda Qarabağ atı, milli geyim və dirçəliş simvolikası əksini tapır”.
Rəssamın sözlərinə görə, Azərbaycan xalça sənətinə maraq bütün dünyada artır. Nizaminin “Xəmsə”sindən ilhamlanaraq yaratdığı miniatürləri Böyük Britaniya və Almaniyadan kolleksiyaçılar alır, sərgiləri isə Fransa, BƏƏ və Ukraynada keçirilib.
Proqramın ayrıca bir hissəsi Azərbaycan cəmiyyətində multikulturalizmin təbii fenomen kimi mövcudluğuna həsr olunub.
“O əsrlərdir ki, Azərbaycanda talışlar, ləzgilər və dağ yəhudiləri yaşayır. Biz sadəcə yanaşı yaşamırıq - bir-birimizə ilham veririk”, – deyə o bildirib.
Eldar Hacıyev qeyd edib ki, onun sərgilərində xristianlıq, iudaizm və islam mövzularını əks etdirən xalçalar nümayiş olunur: “Bizi ayırandan daha çox birləşdirən dəyərlər var. İncəsənət ilham verməli, zövq formalaşdırmalı və sülh ideyalarını daşımalıdır”.
Oxucuların diqqətinə verilişin tam video yazısını təqdim edirik:
