Bakı.Trend:
Bakıda 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfrans keçirilib.
Trend xəbər verir ki, konfransa Səhiyyə Nazirliyinin , QİÇS-lə Mübarizə Mərkəzinin, TƏBİB-in rəsmiləri, deputatlar və müxtəlif nazirlik nümayəndələri iştirak ediblər.
Tədbirdə Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova və Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri çıxış ediblər.
Səhiyyə Nazirinin müavini Nadir Zeynalov konfransdakı çıxışında bildirib ki, hazırda 40 milyon insan QİÇS-lə mübarizə aparır və təqribi hesablamara görə hər il QİÇS-dən 35-40 milyon insan vəfat edir.
QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı deyib ki, 2025-ci ilin noyabr ayının sonuna kimi İİV-ə yeni yoluxma hallarının sayı 1130 nəfər olub. Mərkəz direktoru qeyd edib ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2025-ci ilin noyabr ayının sonuna kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11413 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı bildirib ki, QİÇS-lə mübarizədə ən böyük problem stiqma və diskriminasiya məsələsidir.
Konfransın yekununda müzakirələr aparılıb, səhiyyə işçilərinin fikirləri, nazirlik nümayəndələrinin təklifləri müzakirə edilib, sualları cavablandırılıb.
