...

SOCAR-AQŞ-də tələbələrin yay istehsalat təcrübəsi proqramı başa çatıb

İqtisadiyyat Materials 28 Sentyabr 2016 17:57 (UTC +04:00)
SOCAR-AQŞ MMC-də tələbələrin 2016-cı il yay istehsalat təcrübəsi proqramı başa çatıb.
SOCAR-AQŞ-də tələbələrin yay istehsalat təcrübəsi proqramı başa çatıb

Bakı. Trend:

SOCAR-AQŞ-nin Yay İstehsalat Təcrübəsi Proqramı çərçivəsində bu ilin iyul-sentyabr aylarında müəssisənin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi keçən tələbələrin yay təcrübəsi başa çatıb.

SOCAR-AQŞ-dən Trend-ə verilən məlumata görə,bu il daxil olan 425 müraciətə əsasən ilkin seçim mərhələsini, həmçinin test və müsahibə mərhələlərini uğurla keçən 17 tələbə SOCAR-AQŞ-də iki aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanıb. Müəssisənin rəhbərliyi Yay istehsalat təcrübəsi proqramına xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, onların səmərəli istehsalat təcrübəsi keçməsi üçün lazımi şəraiti yaradıb. Bu müddət ərzində iştirakçılar ixtisaslarına uyğun olaraq müəssisənin müxtəlif struktur bölmələrində çalışaraq praktiki biliklər qazanıblar.

Proqramın sonunda tələbələr fərdi və qrup şəklində onlara həvalə olunan müxtəlif layihələr üzrə təqdimatlar hazırlayaraq müəssisə rəhbərliyinə təqdim ediblər.

Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da iştirak ediblər. Tədbirdə ali məktəb müəssisələrinin rəhbərlərinə təcrübənin gedişatı və tələbələrin fəaliyyəti haqqında geniş məlumat verilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır.

‘’SOCAR-AQŞ-də təcrübə keçmək imkanı qazanan tələbələr çox şanslıdırlar, çünki onlar milli qazma sənayesində özünəməxsus yeri olan və bu sahədə vaxtaşırı yeniliklər tətbiq edən bir müəssisədə iş prosesi ilə yaxından tanış olublar. Yeni texnika və texnologiyaların tətbiqi, qurğulara nəzarət və idarəetmə sistemlərinin işi, texnoloji proseslər, quyu tikintisi proseslərini əyani görmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanlar səriştəli kadr kimi yetişməyiniz istiqamətində dönüş nöqtəsidir’’.

E.Qasımov SOCAR-AQŞ rəhbərliyinə tələbələrinin müəssisədə təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Yay istehsalat təcrübəsi keçən tələbələr də göstərilən diqqət, qayğı və dəstəyi yüksək qiymətləndirərək SOCAR-AQŞ-nin Baş direktoruna, təhkim olunmuş təcrübə rəhbərlərinə və SOCAR-AQŞ-də hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonra SOCAR-AQŞ-nin Baş direktoru Ramin İsayev çıxış edərək bildirib ki, təhsil, elmi tədqiqat və istehsalatın dinamik vəhdətindən irəli gələn təşəbbüslər daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirin sonunda müəssisədə istehsalat təcrübəsini uğurla başa vuran 17 tələbəyə müəssisə tərəfindən müvafiq sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti