...

Mədənlərdə qanunsuz tikililər Azərbaycanın quru yataqlarında hasilat səviyyəsini saxlamağa mane olur - ARDNŞ (FOTO)

Energetika Materials 8 Aprel 2011 14:32 (UTC +04:00)
ARDNŞ-nin mədən ərazilərində qanunsuz tikililərlə mübarizənin əsas məqsədi Azərbaycanın quru yataqlarında hasilatın təmini və onun səviyyəsinin saxlanılmasıdır.
Mədənlərdə qanunsuz tikililər Azərbaycanın quru yataqlarında hasilat səviyyəsini saxlamağa mane olur - ARDNŞ (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin mədən ərazilərində qanunsuz tikililərlə mübarizənin əsas məqsədi Azərbaycanın quru yataqlarında hasilatın təmini və onun səviyyəsinin saxlanılmasıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı qanunsuz tikililərin yerləşdiyi mədənlərə reydlərin yekunları üzrə mətbuat konfransında ARDNŞ-nin Hüquq şöbəsinin rəhbəri Eldar Orucov deyib.

Reyd zamanı Balaxanı, Buzovna-Maştağa və digər yataqların ərazisində qanunusz tikililərə baxış keçirilib.

Onun sözlərinə görə, mədən ərazilərində tikililərin yerləşməsi artıq mövcud olan quyularda iş aparılmasına və yenilərinin qazılmasına mane olur. Bu, şirkətin adıçəkilən ərazilərdəki işlərini məhdudlaşdırır, texnikanın hərəkətinə mane olur. Bu isə öz növbəsində yataqlarda hasilat səviyyəsinin saxlanılmasına yönəldilən işlərə öz təsirini göstərir.

Digər tərəfdən, mədən ərazilərində və neft-qaz kəmərlərinin yaxınlığında qanunsuz tikililərin yerləşməsi bu ərazilərdə yaşayan insanların həyatı üçün təhlükə yaradır.

"Bu iki mühüm istiqamət qanunsuz tikililərlə mübarizənin əsas məqsədləridir", - Orucov qeyd edib.

Onun sözlərinə görə, hazırda ARDNŞ-nin fəaliyyəti son vaxtlar sayı xeyli artan yeni qanunsuz tikililərin inşasının qarşısının alınmasına yönəlib.

Yalnız əvvəllər ARDNŞ-nin balansında olan və neft-qaz əməliyyatları üçün nəzərdə tutulan tərkibdən çıxarılan torpaqlar satıla və ya istifadəyə verilə bilər.

Neft və qaz hasilatının aparıldığı sənaye əhəmiyyətli ərazilər neft-qaz əməliyyatları üçün nəzərdə tutulub, onlar bələdiyyələrə məxsus deyil və buna görə vətəndaşların bələdiyyələrlə bağladıqları müqavilələrin heç bir hüquqi əsası yoxdur.

Artıq insanların yaşadığı qanunsuz evlər yalnız məhkəmənin qərarı olduğu halda sökülə bilər. Bu halda vətəndaşlara icazələri verən bələdiyyələr tərəfindən təkcə torpağa görə ödənilən məbləğdə deyil, həm də evin tikintisinə xərclənən vəsaitlərə görə təzminat ödənilməlidir.

"Bununla bağlı məhkəmə qərarı qüvvəyə mindikdən sonra hər bir vətəndaşın bələdiyyəni məhkəməyə vermək və dəyən ziyanı tələb etmək hüququ var. Bu ziyanın məbləği müqaviləyə əsasən ödənilən məbləğdən deyil, həm də bu binaların tikintisinə xərclənən vəsaitlərdən ibarət olmalıdır", - Orucov bildirib.

Xəbər lenti

Xəbər lenti