Bakı. Trend:
Bu ilin oktyabr ayında “Lyanyungan Limanı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Aktau limanında konteyner qovşağının tikintisinə başlanılıb.
Trend Qazaxıstan Respublikası hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Şanxayda Qazaxıstanın Baş naziri Oljas Bektenov və Çin Dövlət Şurasının Baş naziri Li Çian arasında keçirilən görüşdə deyilib.
Qazaxıstan tərəfinin məlumatına görə, layihə Aktau limanının konteyner daşıma qabiliyyətini ildə 300 min iyirmi fut ekvivalent vahidə (İFE) çatdırmağa imkan verəcək.
Aktau (Qazaxıstan) dəniz limanı Xəzər dənizinin şərq sahilində bir neçə beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsi nöqtəsində yerləşir. Liman İran, Türkiyə, Rusiya, Azərbaycan, Türkmənistan istiqamətində ildə 12 ay və gündə 24 saat şərqdən qərbə, şimaldan cənuba və əks istiqamətdə quru yüklərin, xam neftin və neft məhsullarının daşınmasını təmin edir.