Bakı. Trend:
Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi mərhələli şəkildə aparılır.
Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinə təşkil olunan mediatur zamanı deyib.
"Ümumilikdə, 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla 6 elektron tərəzinin quraşdırılması işləri tamamlanıb. Digər ərazilərdə də hazırda 9 yer üzrə 13 tərəzi məntəqəsinin quraşdırılması planlaşdırılır", - o qeyd edib.
"İşğaldan azad olunmuş ərazilərdə, "Zəfər Yolu"nda elektron tərəzi məntəqələrinin quraşdırılması işlərinə başlanılıb", - deyə S. Əbilov əlavə edib.