...

Danimarkada Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2024 12:03 (UTC +04:00)
Danimarkada Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva bu ölkədəki Azərbaycan icmasının, eləcə də rəhbərlik etdiyi “Vətən” Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülən işlər barədə videomaterialı iştirakçılara təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.

Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında icma görüşünün diasporun şəbəkələşməsində və Azərbaycanla əlaqələrin daha da intensivləşməsində əhəmiyyətini qeyd edib.

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. dr. Məsud Aşina Danimarka soydaşlarımızın Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında və mənafelərinin müdafiə olunmasında roluna diqqət çəkib. Görüşdə Türkiyənin Danimarkadakı səfirliyinin baş katibi Özgür Kafadar iştirak edib.

İcma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər. Sonda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib və Məsud Aşina Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Danimarka üzrə koordinatoru seçilib.

İcma görüşü Danimarka-Azərbaycan Vətən Cəmiyyəti İdarə Heyətinin sədr müavini Amid Hüseynov və cəmiyyətin üzvü Leyla Qasımovanın moderatorluğu ilə baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarına, soydaşlarımıza daim diqqət və qayğı göstərilməsi siyasətinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemlərini dinləyir, dünya azərbaycanlılarının vahid şəbəkəsinin yaradılması istiqamətində zəruri addımlar atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti