...

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqladı

Yaşıl iqtisadiyyat Materials 4 Noyabr 2024 18:59 (UTC +04:00)
RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb.

Trend xəbər verir ki, nazirliyin veb-saytında COP29 çərçivəsində nazirlik tərəfindən təşkil ediləcək tədbirlərlə bağlı bölmə yaradılıb.

Belə ki, həmin tədbirlərə “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masa, “Yaşıl şəhər nəqliyyatı”, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzularında nazirlərin dəyirmi masası, həmçinin, “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir.

Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü çərçivəsində keçiriləcək yüksək səviyyəli Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti necə dəyişdirə biləcəyi ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir.

Müzakirələr əsasən aşağıdakı mövzularda olacaq:

Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;

Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;

Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;

Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;

Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir.

Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək.

“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.

Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq.

Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.

Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçiriləcək. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.

Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2,0%-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “Xalis Sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.

Xəbər lenti

Xəbər lenti