...

Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram - Daulet Kəribek

Siyasət Materials 15 İyun 2024 11:21 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Əminəm ki, bugünkü konfrans əlaqələrimizi möhkəmləndirməyə, geosiyasi reallıqlara və qlobal kataklizmlərə qarşı effektiv mübarizə aparmağa kömək edəcək. Şuşada keçirilən tədbirin yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram.

Trend xəbər verir ki, bu fikirləri Qazaxıstanın Amanat Partiyasının İcra katibi Daulet Kəribek “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Partiya təmsilçisi tədbirin Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin rəmzi mənası olduğunu deyib və Qazaxıstanın Prezidenti Kasım-Comart Tokayevin cari ilin mart ayında Azərbaycana dövlət səfəri zamanı Şuşada olduğunu xatırladıb.

Beynəlxalq hüququn aşınma mərhələsində olduğunu bildirən D.Kəribek qlobal nəzarətin və tarazlıq sisteminin sülhü və sabitliyi qorumaq iqtidarında olmadığını vurğulayıb. “Sevindicidir ki, bütün bunların fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu artır. Hazırkı çətin geosiyasi şəraitdə TDT beynəlxalq siyasəti rasional və praqmatik xətlər üzərində saxlayan, beynəlxalq arenada - logistika, nəqliyyat, diplomatik əlaqələri təmin edən drayverlərdən biri olmaqda davam edir”, - deyə AMANAT partiyasının icra katibi qeyd edib.

Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov qeyd edib:

"Şuşa Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, Qarabağ ərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır. Bu, Özbəkistanın dostu Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Bu arzu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilib.

Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı tərəfdaşı kimi dəyərləndirən qonaq vurğulayıb ki, ölkələrimiz ortaq dilə, adət-ənənələrə malik dost ölkələrdir.

Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətləri əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini vurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması, ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzu gücləndirilir. Biz isə qardaş və yaxın dost olaraq Azərbaycan xalqının bu nailiyyətlərinə ürəkdən sevinirik.

Dövlətimizin başçısı dəfələrlə bildirib ki, Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır. Belə ki, ötən il Füzulidə Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin açılış mərasimində iştirak edib. Əminik ki, məktəb səmimi dostluğun simvoluna çevrilib".

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti