...

Mədə-bağırsaq xəstəliklərinə işarə edən ilk siqnal nədir? - Dr. Rəfael Həsənov (VİDEO)

Cəmiyyət Materials 30 Avqust 2022 14:14 (UTC +04:00)
Mədə-bağırsaq xəstəliklərinə işarə edən ilk siqnal nədir? - Dr. Rəfael Həsənov (VİDEO)

Bakı. Trend:

Trend Diaqnoz Tibb Mərkəzinin qastroenterologiya-endoskopiya şöbəsinin müdiri, qastroenteroloq-endoskopist Rəfael Həsənovla müsahibəni təqdim edir

- Mədə-bağırsaq xəstəliklərinə işarə edən ilk siqnal nədir? Yəni hansı əlamətdən bilək ki, mədədə problem var və biz mütləq həkimə getməliyik?

- Xəstəlik özünü həm tək, həm də eyni vaxtda bir neçə simptomlarla göstərə bilər. Praktikada daha çox rast gəlinən köp, reflüks, ürəkbulanma, qusma, ağrı, nəcisdə qan, udmada çətinlik, çəkidə azalma kimi şikayətlərdir. Bu əlamətlərin bəzilərini xəstələr ciddiyə almır, zamanla, ya da evdə müalicə üsullarıyla düzələcəyini düşünürlər. Lakin praktikamızda görürük ki, bu şikayətlər özünü ağır xəstəliklər zamanı da göstərə bilir və xəstələr həkimə gec müraciət edir. Bu səbəbdən dediyimiz əlamətlər olduğu təqdirdə həkimə müraciət etmək mütləqdir.

- Ən düzgün diaqnostika hələ də ENDOSKOPİYAdır. Nədir və necə aparılır?

- Endoskopiya - qida borusu, mədə, onikibarmaq bağırsaq və yoğun bağırsağın görüntülənməsi, düzgün diqanoz üçün aparılan prosedurdur. Ucunda işıqlı kiçik kamera olan, nazik rezin boruşəkilli zond dediyimiz alət və monitordan ibarətdir. Endoskopiya olunacaq xəstəyə müayinə öncəsi mütləq həkim tərəfindən baxılmalıdır. Xəstənin şikayətləri, əvvəl keçirmiş olduğu xəstəliklər öyrənilməli, ondan sonra endoskopiya olunmalıdır. Xəstəyə prosedur haqqında məlumat verilməlidir. Endoskopiya olunacaq xəstə prosedurdan 12 saat əvvəl qida və su qəbul etməməlidir.

- Əksər adamların endoskopiya qorxusu var və buna görə uzunmüddətli ağrılar, narahatlıqlar olmasına baxmayaraq, el arasında “şlanq udmaq” kimi tanınan bu prosedurdan qaçaq düşürlər. Bu, həqiqətənmi mürəkkəb və ağrılı prosesdir və necə etmək olar ki, insanlar endoskopiyadan qorxmasın?

- Əvvəllər bəli, əksər xəstələrimiz müayinə öncəsi qorxu və narahatlıqlarının olduğunu bildirirdilər. Qorxu adətən ağrı, narahatıq isə zondun sterilliyi ilə bağlı olurdu. Lakin son illərdə internetin, ən əsası da sosial şəbəkələr sayəsində xəstələr müayinə ilə bağlı tam məlumatlı olaraq həkimə gəlir və müayinədən sonra bu narahatlıq və qorxularının boşuna olduğunu bildirirlər.

- Son vaxtların daha bir müayinə metodu ERCP-dir (Endoskopik Retrograd Xolangiopankreatoqrafiya). Bu üsulla endoskopiya ilə müəyyən edə bilmədiyiniz hansı xəstəlikləri aşkar etmək olur?

- ERCP - xüsusi endoskopla onikibarmaq bağırsağa daxili olaraq öd və mədəaltı vəzi yollarının bəzi xəstəliklərinin diaqnozu və müalicəsinin aparılmasıdır. Öd kisəsində əmələ gələn daşın öd kanalına düşüb durğunluq yaratması, öd yolları və mədəaltı vəzi xərçəngi, öd yolları darlıqları, öd yollarında cərrahi əməliyyat sonrası qaçaq olması və bəzi pankreas xəstəliklərin aşkar olunması üçün ERCP gərəklidir.

- Koronavirus və mədə-bağırsaq xəstəlikləri. Artıq məlumdur ki, “COVID-19” bir çox xəstəliklərin kəskinləşməsinə səbəb olur. Mədə-bağırsaq xəstəliklərinə də təsir edirmi və hansı formada?

- Koronavirus infeksiyası öncədən mədə-bağırsaq və qaraciyər xəstəlikləri olan insanlarda ciddi problemlər yaradır. Buna virusdan da çox, müalicə vaxtı istifadə edilən dərmanlar və qandurulducular təsir edir. Koronavirusdan sağaldıqdan sonra bir çox xəstələrdə mədə-bağırsaq qanamaları qeydə alınıb. Antikoaqulyantlar qəbul edən zaman mədəni qoruyacaq xüsusi dərmanlar təyin edilməlidir. Əks təqdirdə ciddi qanaxma ola bilər. Çox zaman xəstələr bu dərmanlara əhəmiyyət vermir, onları hər səhər qəbul etmir və onlardan imtina edirlər. “COVID-19” müalicəsindən sonra isə bu xəstələr mütləq qastroenteroloqa müraciət edib, koviddən sonra mədə-bağırsaq xoralarının vəziyyətini bir daha yoxlatmalıdır. Bir çox ölkələrdə pandemiyanın pik vaxtında koronavirus xəstələri ilə yanaşı klinikalara ağır mədə-bağırsaq qanamaları ilə daxil olan xəstələrin də sayının çox olduğu bildirilir.

- Əməliyyatsız arıqlama metodlarından biri olan MƏDƏ BALONU barədə məlumat verə bilərsinizmi? Kimlərə olar, kimlərə olmaz? Nə qədər effektiv üsuldur?

- Mədə balonu əməliyyatsız və qısa müddətdə artıq çəkidən azad olmaq istəyənlər üçün ən effektiv arıqlama üsullarındandır. Endoskopik cihazla mədə balonu ağızdan mədəyə yerləşdirilir. Daha sonra balon şişirdilir və mədədə toxluq hissi yaranır. Üstünlüklərinə gəlincə, cərrahiyyəsiz, kəsiksiz, qansız və qısa müddətdə (10-15 dəqiqə) icra olunur, pasiyent prosedurdan sonra həmin gün evə buraxılır. Altı ay ərzində 10-40 kiloqram arıqlamaq mümkündür. Bu müddət ərzində pasiyent həm arıqlayır, həm də yeni bir yemək vərdişi qazanır. Ciddi endokrinoloji problem olmayan hər kəsə icra oluna bilər. Qeyd edim ki, mədə balonu ilə 35 kiloqrama qədər arıqlayan pasiyentimiz olub.

- Mədə-bağırsaq sistemimiz sağlam olsun deyə, menymuzda hər gün nə olmalıdır və nə olmamalıdır?

- Sağlam qidalanma tək mədə-bağırsaq sistemimiz üçün deyil, bütün orqanizmimiz üçün gərəklidir. Sağlam qidalanma bütün makro və mikro qida elementlərinin ehtiyacımız olduğu miqdarda eyni zamanda ehtiyacımız qədər enerjini qarşılayan ideal çəkinin qorunması üçün uyğun olan qidalanmadır. Qəbul etdiyimiz qidalar ilk öncə həzm sistemimizə təsir etdiyindən sağlam qidalanma bu orqanlar üçün daha vacibdir. Heyvani qidaların az, lifli qidaların, digər meyvə və tərəvəzlərin çox qəbulu mütləqdir. Hansı qidaların qəbulu qədər qidanın necə və nə vaxt qəbulu da vacibdir. Çox duzlu, acı, qızardılmış qidalardan uzaq durmaq lazımdır. Son qida qəbulumuz yatmazdan ən az 3 saat əvvəl olmalıdır. Bunlardan əlavə bol maye qəbulu, fiziki aktivlik, düzgün yuxu rejimi də sağlam orqanizm üçün vacibdir.

Həkimlə əlaqə: (+994 50) 220 84 41

www.drqastroentroloq.az

[email protected]

İnstagram: https://www.instagram.com/dr.rafael_hesenov

Facebook: https://www.facebook.com/drrefaelhesenov

Youtube: https://www.youtube.com/channel/UCNdWq7jfzLl9mMdMRgPpVOA/featured

Məqalədə:
Xəbər lenti

Xəbər lenti