Bakı. Trend:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, bu Qayda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə Nazirliyin xəzinə hesabına köçürülən xidmət haqlarından (bundan sonra – büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir.
Büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz.
Büdcədənkənar vəsait “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-3-cü maddəsinə əsasən, həmin Qanunun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə tutulan xidmət haqlarından daxil olan vəsait hesabına formalaşdırılır.
Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılır.
Büdcədənkənar vəsaitin yığılması və istifadəsi gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir. Gəlirlər və xərclər smetası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq hazırlanır və təsdiq edilir.
Büdcədənkənar vəsaitin Nazirliyin Aparatı və strukturuna daxil olan qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdirilir.
Büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənir:
işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;
işçilərin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi;
işçilərə maddi yardımın göstərilməsi.
İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
mühüm dövlət tapşırıqları, habelə Nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə digər vacib tapşırıqların vaxtında yerinə yetirilməsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.
İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;
rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.
İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.
İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər.
İşçilərə aylıq vəzifə maaşına verilən əlavənin məbləği onların aylıq vəzifə maaşının 2 (iki) mislindən çox olmamalıdır.
Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.
Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.
Aylıq vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması, aylıq vəzifə maaşlarına əlavələrin verilməsi və onlara maddi yardımın göstərilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir.
Büdcədənkənar vəsaitlərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.
Büdcədənkənar vəsaitdən istifadə olunmasına dair hesabatların hazırlanması və təqdim edilməsi Əsasnaməyə uyğun olaraq icra edilir.
Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.
Büdcədənkənar vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.